Aktyor
Şəmsi Bədəlbəyli görkəmli rejissor olmaqla yanaşı, onda aktyorluq istedadı da qabarıq idi.
Hələ gənc yaşlarından o, Azərbaycan Pedaqoji Texnikumunda təhsil aldığı illərdə böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edir, aktyorluq istedadını sınayırdı. Bu həvəs onu dram teatrına gətirsə də o, özünü rejissorluğa həsr etdi.
Bununla belə, müasirlərinin sözlərinə görə, o, quruluş verdiyi tamaşalarda rolları elə dəqiqliklə canlandırıb aktyorlar üçün xarakterizə edirdi ki, sanki onları səhnədə oynamağa hazır idi.
Bu baxımdan, xalq artisti Nəsibə Zeynalovanın xatirələrində qeyd edildiyi kimi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Dərviş Məstəli şah" tamaşasında dərviş rolunun ifaçısı xəstlənib tamaşaya gələ bilmədiyinə görə tamaşanın rejissoru Ş.Bədəlbəyli onun əvəzinə səhnəyə çıxıb, çox gözəl oyun nümayiş etdirmişdir. Belə bir hadisə "İki ağanın bir nökəri" tamaşasında da təkrarlanmışdı.
Ş.Bədəlbəylinin aktyorluğu kino lentlərində həkk olunmuşdur və biz bu gün həmin kadrlardan onun istedadının bu cəhətini də izləmək imkanı əldə edirik.
Ş.Bədəlbəyli kino aktyoru kimi üç filmdə çəkilmişdir. O, ilk dəfə görkəmli kino rejissoru Həsən Seyidbəylinin təkidi ilə "O qızı tapın" filminin çəkilişlərinə - podpolkovnik Zeynalov roluna dəvət olunmuşdur və özünəməxsus bir tərzdə alicənab və səriştəli milis zabiti surətini yaratmışdır.
Həmin ildə Ş.Bədəlbəyli "Axırıncı aşırım" filminə çəkilərək, komissar Şabanzadə rolunu ifa etmişdir. Bu rol ekranda yalnız filmin əvvəllərində görünsə də, Ş.Bədəlbəylinin mənalı oyunu bu obrazı yaddaqalan etmişdir.
Sonradan o, Həsən Seyidbəylinin "Ömrün səhifələri" filmində də maraqlı bir surət – oğlunun taleyinə görə nigarançılıq çəkən və səbirsizliklə ondan sevindirici xəbər gözləyən bir ata, ailə başçısı rolunda çıxış etmişdir.
Eyni zamanda, üç novelladan ibarət bu filmin süjet xəttində Ş.Bədəlbəylinin rolu, bir növ, əlaqələndirici xarakter daşıyaraq, filmin vahid süjet xəttinin açılmasında mühüm əhəmiyyət kəsb edir.
Ş.Bədəlbəylinin yaratdığı obraz filmdə mərkəzi bir mövqe tutaraq, novellaların qəhrəmanlarının toplaşdığı məkanda onların xatirələrini dinləyən və təsəlli verən, ruhlandıran, öz həyat təcrübəsi ilə bölüşən bir şəxsin surətidir ki, bu da onun özünün xarakterinə və simasına çox uyğundur.
Ş.Bədəlbəylinin çəkildiyi kinofilmlər:
1. "O qızı tapın" filmi. "Azərbaycanfilm", 1971-ci il. Rejissor Həsən Seyidbəyli.
2. "Axırıncı aşırım" filmi. "Azərbaycanfilm", 1971-ci il. Rejissor Kamil Rüstəmbəyov.
3. "Ömrün səhifələri" filmi. "Azərbaycanfilm", 1974-cü il. Rejissor Həsən Seyidbəyli.