Sonoteka
- Surdotərcümə
Şəmsi Bədəlbəyli - şəxsiyyət və sənətkar
Mühazirəni
sənətşünaslıq namizədi Cəmilə Həsənova təqdim edir.
Səhifə 1
Xalq artisti, görkəmli rejissor və ictimai xadim Şəmsi Bədəlbəyli 1911-ci il, fevralın 23-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində Bədəlbəy Bədəlbəylinin (1875-1932) və Rəhimə xanım Qacarın (1880-1966) ailəsində dünyaya gəlmişdir.
Atası Bədəl bəy dövrünün qabaqcıl maarif və mədəniyyət
xadimi idi. Əslən Qarabağdan olan Bədəl bəy Qori
seminariyasında təhsil almışdı. Məlum olduğu kimi, Azərbaycanın
bir çox görkəmli alimləri, yazıçıları, bəstəkarları, ictimai
xadimləri: Nəriman
Nərimanov, Sultan Məcid Qənizadə, Cəlil
Məmmədquluzadə, Üzeyir
Hacıbəyli, Müslüm
Maqomayev və başqaları o dövrdə bu məşhur təhsil ocağının
məzunları olmuşlar. Gənc yaşlarından bu insanlarla məsləkdaş
olan Bədəl bəy müasir, mütərəqqi düşüncəli bir şəxsiyyət
idi.
XX əsrin əvvəllərində Şuşadan Bakıya köçmüş Bədəl bəy, mədəniyyət və maarifçilik sahəsində geniş fəaliyyət göstərmiş, xalqın maariflənməsi, milli mədəniyyətin yüksəldilməsi yolunda səmərəli ictimai iş aparmışdır. Ömrünün otuz beş ilini o, müəllimliyə sərf etmiş, yüzlərlə uşağa savad vermiş, yol göstərmişdir. O, Bakının dağlıq məhəlləsində yerləşən 6 saylı rus-azərbaycan məktəbinin müdiri olmuş və ömrünün sonuna kimi burada pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Həmin məktəb elə o dövrdən "Bədəl bəyin məktəbi" kimi tanınmışdır.
Bədəl bəyin fəaliyyət dairəsi yalnız pedaqoji işlə məhdudlaşmırdı. O, incəsənət pərəstişkarı olaraq, teatr aləmi ilə yaxın təmasda idi, müxtəlif xeyriyyəçilik tədbirlərində, səhnəyə qoyulan tamaşalarda həvəskar aktyor kimi iştirak edirdi.
1908-ci ildə B.Bədəlbəyli Ü.Hacıbəylinin "Leyli
və Məcnun" operasının ilk tamaşasında İbn Səlam rolunda
çıxış etmiş, sonralar "Nicat" xeyriyyə cəmiyyəti tərəfindən
dəvət olunaraq, həmin əsərin tamaşalarında Məcnun obrazını
da canlandırmışdır. Təmiz və zil səsə, şirin boğazlara malik
olan B.Bədəlbəyli Məcnun obrazının təfsirində aktyorluq
məharətini büruzə vermişdir.
Ailənin daha bir üzvü – Bədəl bəyin qardaşı Əhməd Ağdamski də teatr tarixinə Azərbaycan opera və operettalarında qadın rollarının ilk və əvəzsiz ifaçısı kimi daxil olmuşdur. Ümumiyyətlə, Azərbaycan mədəniyyəti tarixində Bədəlbəylilər nəslinin nümayəndələrinin müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır.
Onların ailəsində tez-tez teatr haqqında, mədəniyyət haqqında söhbətlər olurdu. Öz dövrünün mütərəqqi ziyalıları ilə yaxın dost və məsləkdaş olan Bədəl bəyin evində görkəmli ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri – Üzeyir Hacıbəyli, Süleyman Sani Axundov, Hüseyn Cavid, Cəfər Cabbarlı və başqaları tez-tez qonaq olurdular. Ailənin üzvləri, xüsusilə bu ailədə böyüyən uşaqlar günün problemləri, incəsənət aləmində baş verən hadisələrlə yaxından maraqlanırdılar.
Bədəl bəy və Rəhimə xanımın altı övladı olmuşdur: Əfrasiyab, Şəmsi, Davud, Turqut, Sərvər və Məsturə xanım. Bədəl bəy övladlarının zəkalı və savadlı böyüməsi üçün çalışır, onların hərtərəfli təhsil almasına, humanist, maarifçi, xalqına və cəmiyyətə lazımlı şəxsiyyətlər kimi yetişmələri üçün səy göstərirdi.
Bədəl bəyin övladları məhz belə mühitdə böyüyürdülər. Onların gənc yaşlarından teatra, musiqiyə, elmə bağlılığı da bundan irəli gələrək, onların zövqlərinin, incəsənətə baxışlarının formalaşmasına rəvac vermişdir. Təsadüfi deyil ki, Bədəl bəy Bədəlbəylinin böyük oğlu Əfrasiyab bəstəkar və dirijor, kiçik oğlu Şəmsi isə musiqili teatrla bağlı rejissorluq sənətini seçmişdilər.
Şəmsi Bədəlbəylinin yeniyetmə və gənclik illəri 1920-1930-cu illərdə Azərbaycan cəmiyyətində və mədəni həyatda baş verən köklü dəyişiklilər və quruculuq illərinə təsadüf etmişdir.
Bir tərəfdən ailə mühitinin maarif və incəsənət ab-havası, digər tərəfdən, Azərbaycan səhnəsinin qüdrətli ustaları Abbas Mirzə Şərifzadənin, İsmayıl Hidayətzadənin, Ülvi Rəcəbin, Mirzağa Əliyevin, Mərziyə Davudovanın, Sidqi Ruhullanın və başqa sənətkarların teatr səhnəsində yaratdıqları ölməz obrazlardan aldığı təəssürat onun bədii zövqünün cilalanmasında böyük rol oynamışdır.
Həmin illəri Şəmsi Bədəlbəylinin də tərcümeyi-halında təşəkkül illəri kimi şərh etmək olar. Belə ki, o, orta məktəbi bitirdikdən sonra pedaqoji məktəbdə təhsilini davam etdirmişdir. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edir, aktyorluq istedadını sınayır. Eyni zamanda, onun musiqi istedadı da özünü büruzə verir. Musiqi sənətinə olan məhəbbəti və marağı onu konservatoriyaya gətirir.
1927-1932-ci illərdə Ş.Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır. Burada o, iki il xalq çalğı alətləri şöbəsində - tar sinfində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində oxumuş, Üzeyir bəyin tələbəsi olmuşdur. Məhz bu dövrdə Üzeyir bəylə yaxından yaradıcılıq ünsiyyəti onun bir sənətkar kimi yetişməsində böyük rol oynamışdır.
XX əsrdə Azərbaycan bəstəkarlıq məktəbinin təməlini qoyan, Azərbaycanda musiqili teatrının yaradıcısı, müasir musiqi mədəniyyətinin qurucusu olan Üzeyir Hacıbəyli öz tələbələrində musiqiyə və səhnəyə məhəbbət hissini aşılayaraq, onlarda teatr və zaman, folklor və musiqi, əsərin kompozisiya harmoniyası kimi məfhumları aydınlaşdırırdı. Üzeyir bəyin sinfində musiqi təhsili alması Şəmsi Bədəlbəylinin sonralar məhz milli musiqili teatrdakı fəaliyyətində mühüm əhəmiyyətli bir mənbəyə çevrilmişdir.
Lakin elə həmin illərdə Şəmsi Bədəlbəylini özünə cəlb edən daha bir sənət sahəsi vardı ki, bu da teatr rejissorluğu idi. Onun teatr sənətinə gəlişində, bu sahədə qüvvəsini sınamasında və püxtələşməsində böyük dramaturq Cəfər Cabbarlının əvəzsiz rolu olmuşdur. Azərbaycan teatrının inkişafında görkəmli xidmətləri olan C.Cabbarlının gənclərə diqqətli və qayğıkeş münasibəti, onun sadəliyi, aydın fikirləri, fəlsəfi mülahizələri, səmimi söhbətləri gənc Şəmsiyə böyük təsir göstərir və onların tanışlığı möhkəm dostluğa çevrilir.
Həmin illərdə o, Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalır. Bəzən C.Cabbarlının "Od gəlini" və "Sevil" tamaşalarında səhnə arxasından aktyorları tarda müşayiət edirdi. Eyni zamanda, Şəmsi Bədəlbəyli Cəfər Cabbarlıya səhnə ilə bağlı fəaliyyətində köməklik göstərirdi. Bu da onun rejissorluq sənətinə marağını artırır və o, tamaşalarda rejissor assistenti kimi çalışmağa başlayır.
Beləliklə, Azərbaycan mədəniyyətinin iki böyük şəxsiyyətinin – Üzeyir Hacıbəylinin və Cəfər Cabbarlının xeyir-duası ilə sənətə qədəm qoyan Şəmsi Bədəlbəyli taleyini ömürlük teatrla bağlamışdır. Şəmsi Bədəlbəylinin yaradıcılıq simasında musiqiçi keyfiyyətləri rejissorluqla birləşmiş, orijinal yozumlu tamaşaların yaranmasında məhz musiqiçi Şəmsi Bədəlbəyli ilə rejissor Şəmsi Bədəlbəylinin yaradıcılıq təması önəmli olmuşdur.
O dövrdə Ş.Bədəlbəyli jurnalistika sahəsində də özünü sınamışdır. 1930-1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında "İncəsənət və ədəbiyyat" şöbəsinin müdiri vəzifəsində çalışır, həmin qəzetin səhifələrində bir sıra tamaşalar haqqında məqalələri dərc olunur. Bu sahədə onun fəaliyyəti sonralar da davam etmişdir. Ş.Bədəlbəyli dövri mətbuat səhifələrindəki çıxışları ilə ölkənin mədəni həyatında baş verən hadisələrə fəal münasibətini hər zaman nümayiş etdirmişdir.
Ş.Bədəlbəyli bir rejissor kimi fəaliyyətə Azərbaycan Dövlət Dram Teatrında başlamış və on il müddətində 1932-1942-ci illər ərzində bu teatrda çalışmışdır.
1930-cu illər Azərbaycan teatr tarixində xüsusi bir mərhələ təşkil edir. Azərbaycan Dram Teatrının səhnəsində milli və xarici, klassik və müasir əsərlər səhnələşdirilir, hər bir tamaşa rejissor işi, dramaturji həlli, orijinal kompozisiya və aktyor oyunu baxımından şedevrə çevrilirdi.
Artıq gənc yaşlarından Ş.Bədəlbəyli teatrda Azərbaycan səhnəsinin korifeyləri Abbas Mirzə Şərifzadənin, Mirzəağa Əliyevin, Mərziyə Davudovanın, Ülvi Rəcəbin yaratdığı təkrarolunmaz obrazları görmüş, Aleksandr Tuqanov, İsmayıl Hidayətzadə kimi rejissorların iş prosesini izləmiş, Mustafa Mərdanov, Rza Təhmasib, İsmayıl Dağıstanlı, Ələsgər Ələkbərov, Fatma Qədri, Barat Şəkinskaya kimi aktyorların istedadının parlamasının şahidi olmuşdur. Rejissor assistenti kimi işə başlayan Ş.Bədəlbəyli böyük bir rejissorluq məktəbi keçmişdir.
1933-cü ildə Ş.Bədəlbəyli Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Moskvaya rejissorluq üzrə təcrübə işinə göndərilir. Moskvada "Malı Teatr"da Şillerin "Don Karlos" əsərinin hazırlığında görkəmli rejissor Kote Marcanaşvilinin rəhbərliyi altında rejissor assistenti kimi təcrübə keçir. Həmçinin, "İnqilab teatrı"nda rejissor Aleksandr Popovun yaradıcılıq emalatxanasında öz təcrübəsini zənginləşdirir, dramaturq N.Poqodinin "Mənim dostum" əsərinin tamaşasının hazırlanmasında iştirak edir.
Bakıya qayıtdıqdan sonra Ş.Bədəlbəyli Azərbaycan Dövlət Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirir. Bir sıra səhnə əsərlərinin tamaşalarına quruluş verir. Xüsusilə onun M.F.Axundovun "Müsyo Jordan və dərviş Məstəli şah" komediyasının səhnələşdirilməsi üzrə (rejissor M.Zeynalovla birgə) yaradıcılıq işi klassik komediyanın müasir təfsiri kimi qeyd olunmalıdır. Bu tamaşa Ş.Bədəlbəylinin komediya janrına münasibətini üzə çıxardı. Sonralar o, istər dram teatrda, istər opera teatrında neçə-neçə tamaşaya quruluş versə də, məhz komediya, operetta sahəsində onun yaradıcılıq axtarışları daha geniş və uğurlu olmuş, onun istedadını tam qüvvəsilə nümayiş etdirmişdir.
1939-cu ildə Azərbaycan Dövlət Dram Teatrında Ş.Bədəlbəylinin rejissor kimi ilk müstəqil işi olaraq, C.Məmmədquluzadənin "Ölülər" əsəri tamaşaya qoyulur. Bu, onun yaradıcılığında yeni mərhələnin başlanğıcı olur. Bundan sonra həmin teatrda Ş.Bədəlbəylinin rejissorluğu ilə S.Rəhmanın "Xoşbəxtlər", "Aşnalar" komediyaları da tamaşaya qoyulur.
Əlbəttə ki, Ş.Bədəlbəylinin yaradıcılığında satira və yumor önəmli yer tutsa da, onun bir rejissor kimi dünya klassik irsinə müraciəti də önəmlidir. Belə ki, 1941-ci ildə V.Şekspirin "Kral Lir", Lermontovun "İki qardaş" əsərləri Ş.Bədəlbəylinin rəhbərliyi ilə səhnədə oynanılır. Bunlar Ş.Bədəlbəylinin növbəti sənət uğurları olmaqla yanaşı, artıq onun rejissor kimi yetkinliyinin, kollektivlə müstəqil işləmək bacarığının, ansambl vəhdətinə nail olmasının və zamanın tələbilə ayaqlaşa bilməsinin göstəriciləri idi.
Səhifə: 1 2