Sonoteka
Şəmsi Bədəlbəyli - şəxsiyyət və sənətkar
Səhifə 2
II Dünya müharibəsi başladıqda, 1941-1942-ci illərdə Ş.Bədəlbəyli sovet ordusunun hissələri tərkibində İrana göndərilir, "Qırmızı Şərq", "Vətən uğrunda" qəzetlərinin müxbiri kimi Təbrizdə fəaliyyət göstərir. Burada Ş.Bədəlbəylinin rəhbərliyi altında həvəskar aktyorların iştirakı ilə Ü.Hacıbəylinin "Arşın mal alan", Z.Hacıbəyovun "Evliykən subay", "Əlli yaşında cavan" musiqili komediyaları tamaşaya qoyulur.
Vətənə döndükdən sonra 1943-cü ildə Ş.Bədəlbəyli Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər vəzifəsinə təyin olunur. O dövrdə Musiqili Komediya teatrını, sözün əsl mənasında, böhranlı vəziyyətdən çıxarmaq lazım idi. Kollektivi yenidən yığmaq, repertuarı bərpa etmək, truppanın əsas tərkibini müəyyənləşdirmək kimi vacib məsələləri həll edən Ş.Bədəlbəyli, eyni zamanda, teatrın fəaliyyətinə bəstəkarları və librettoçuları cəlb etməklə, yeni musiqili komediyaların yaranmasına təkan verdi. Bu da onun operetta janrının tələblərini dərindən bilməsindən və əsl yaradıcı münasibətindən irəli gəlirdi.
Həmin illərdə Ş.Bədəlbəylinin rejissorluğu ilə bu teatrın səhnəsində bir sıra Azərbaycan bəstəkarlarının musiqili komediyaları orijinal quruluşda səhnədə göstərilir: onlardan F.Əmirovun "Gözün aydın" (libretto M.Əlizadə), "Ürəkçalanlar" (libretto M.Ordubadi), S.Ələsgərovun "Ulduz" (libretto S.Rəhman), S.Rüstəmovun "Durna" (libretto S.Rüstəm) musiqili komediyalarının premyeraları koloritliyi və şən emosionallığı ilə yaddaqalan olur. Təəssüflər olsun ki, bütün bu nailiyyətlərə baxmayaraq, 1948-ci ildə maliyyə çətinliyi səbəbindən Musiqili Komediya Teatrı bağlanır.
Lakin sonrakı illərdə Musiqili Komediya Teatrı bərpa olunduqda, Ş.Bədəlbəyli böyük məmnuniyyətlə yenidən teatra rəhbərliyi öz üzərinə götürür. O, müəyyən fasilələrlə: 1956-1959-cu illərdə, 1965-1974-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər və direktor vəzifəsində işini davam etdirmişdir. Bu illər ərzində Ş.Bədəlbəyli həm Ü.Hacıbəylinin "O olmasın, bu olsun" (1947), "Arşın mal alan" (1956) musiqili komediyalarına yeni quruluş vermişdir. Həm də xarici bəstəkarların operettalarına müraciət etmişdir. Bu baxımdan gürcü bəstəkarı V.Dolidzenin "Keto və Kote" operettası qeyd oluna bilər. Eyni zamanda, Ş.Bədəlbəyli bu teatrda bir sıra yeni əsərlərin səhnələşdirilməsinə rəhbərlik etmişdir: V.Adıgözəlov və R.Mustafayevin "Hacı Qara" (1958), S.Rüstəmovun "Rəisin arvadı" (1961), A.Məlikovun "Ləpələr" (1967) S.Ələsgərovun "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), V.Adıgözəlovun "Nənəmin şahlıq quşu" (1971), E.Sabitoğlunun "Hicran" (1973), tamaşaları xüsusi qeyd olunmalıdır. Bunlardan A.Məlikovun "Ləpələr" operettası 1968-ci ildə teatr tamaşalarına Beynəlxalq baxışda I dərəcəli diplomla təltif edilmişdir.
Musiqili Komediya Teatrındakı sevimli işi, operetta janrının həyatsevər təbiəti, bu teatrın aktyorları ilə yaradıcılıq ünsiyyəti Ş.Bədəlbəyli üçün həmişə önəmli olmuşdur. Bu əməkdaşlıq yüksək bədii səviyyəli əsərlərin meydana çıxmasına zəmin yaratmışdır.
Musiqili Komediya Teatrının aparıcı aktyorlarının – Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Əlihüseyn Qafarlı, Münəvvər Kələntərli, Məmmədsadıq Nuriyev, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Səyavuş Aslan və başqalarının səhnədə yaratdıqları bənzərsiz və təkrarolunmaz obrazlar uzun illər boyu yaddaşlara həkk olunmuşdur. Və etiraf edək ki, məhz Şəmsi Bədəlbəylinin bu teatra rəhbərlik etdiyi dövr - Azərbaycan Musiqili Komediya Teatrının "qızıl dövrü" kimi mədəniyyət tarixində iz salmışdır.
Ş.Bədəlbəyli müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Akademik Opera və Balet Teatrında direktor və bədii rəhbər vəzifələrində çalışmışdır.
1949-1956-cı illərdə və 1974-1976-cı illərdə Ş.Bədəlbəyli M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına rəhbərlik etmişdir. Burada o, məhsuldar təşkilatçılıq işi apararaq, klassik və milli musiqinin təbliğini genişləndirmiş, Azərbaycan Dövlət Simfonik orkestrinin, Dövlət mahnı və rəqs ansamblının professional ifaçılıq səviyyəsinin artırılması üçün çox iş görmüşdür.
1950-ci illərdən başlayaraq, müxtəlif bayramlar və dövlət tədbirləri çərçivəsində konsertlərə quruluşlar vermək ona həvalə olunur: o cümlədən, 1950 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin konsertləri, 1967-ci ildə Azərbaycan İncəsənət ustalarının konsertləri, 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyi, 1973-cü ildə İmadəddin Nəsiminin 600 illiyi, 1975-ci ildə Üzeyir Hacıbəylinin 90 illiyi münasibətilə yubiley konsertləri, 1974-cü ildə Fransada Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən konsertlər, həmçinin, Bakıda təşkil olunan bir sıra konsertlər qeyd oluna bilər.
Ş.Bədəlbəyli rəsmi olaraq, 1959-1965-ci illərdə - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və baş rejissoru vəzifəsində çalışmışdır. Lakin ayrı-ayrı vaxtlarda o, bir sıra opera tamaşalarına quruluşlar vermişdir. O cümlədən, 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ü.Hacıbəylinin "Koroğlu" (1952), "Əsli və Kərəm" (1958) operalarına yeni quruluş verir. Bu operaların quruluşu ənənəvi üslubda həyata keçirilmiş, irihəcmli dekorasiyalardan, çoxsaylı butaforiyadan, etnoqrafik dəqiq təsvirlərindən istifadə olunmuşdur.
1957-ci ildə isə o, Aşqabada dəvət olunaraq, Türkmənistan Opera və Balet Teatrında Ü.Hacıbəylinin "Koroğlu" operasını tamaşaya qoyur. Üzeyir bəyin bu dahi əsərinin türkmən səhnəsində tamaşaya qoyulması böyük ictimai əhəmiyyətli bir hadisə olub, milli mədəniyyətlərin yaxınlaşmasına və xalqlar arasında qarşılıqlı əlaqələrin genişlənməsinə xidmət edirdi.
Onu da qeyd etmək lazımdır ki, məhz "Koroğlu" üzərindəki işi Ş.Bədəlbəylini mürəkkəb opera tamaşalarının müstəqil həllinə yönəltmiş, musiqili teatr rejissorluğu təcrübəsinin daha da təkmilləşməsinə rəvac vermişdir.
Ş.Bədəlbəyli Azərbaycan Opera və Balet Teatrında çalışdığı zaman dünya musiqi klassikasına müraciət edərək, C.Rossininin "Sevilya bərbəri" (1962), A.Borodinin "Knyaz İqor" (1964), həmçinin, Z.Paliaşvilinin "Daisi" (1956) operalarına quruluş vermişdir.
Bu dövrdə həmin səhnədə Azərbaycan bəstəkarlarının yeni operaları da Ş.Bədəlbəylinin rəhbərliyi altında tamaşaya hazırlanır: S.Ələsgərovun "Bahadır və Sona" (1961), V.Adıgözəlovun "Ölülər" (1963), Ə.Bədəlbəylinin "Söyüdlər ağlamaz" (1971) operalarının premyerası olur.
Əlbəttə ki, opera tamaşasının hazırlanması rejissordan yüksək professionallıq, bu mürəkkəb sintetik janra xüsusi yanaşma tələb edir. Rejissorluq sənətinin realist ənənələrinə sadiq qalan Ş.Bədəlbəyli opera tamaşalarında üzvi şəkildə, libretto və musiqini vahid polifonik ahəngdə qovuşduraraq, əsasən musiqiyə və teatrallığa önəm verirdi.
Şəmsi Bədəlbəylinin yaradıcılıq portretini səciyyələndirərkən, rejissorluqla yanaşı, onun aktyorluğunu və bir sıra kinofilmlərə çəkilməsini qeyd etməliyik. Ədəbiyyata və jurnalistikaya olan marağı ilə yanaşı, onun tərcüməçilik qabiliyyətini və səhnə əsərlərinin tərcüməsi ilə bağlı səmərəli fəaliyyətindən də danışmalıyıq.
Bütün bunlarla yanaşı, Şəmsi Bədəlbəyli həm də böyük bir ictimai xadim olmuşdur. Təbii ki, rejissor kimi çalışdığı teatrlara həm də direktor və bədii rəhbər təyin olunması, mühüm dövlət tədbirlərinin bədii hissəsinin təşkilatçısı olması, onu ölkənin mədəni həyatında görkəmli rol oynayan bir ictimai xadim kimi önə çıxarmışdır. 1976-cı ildə Şəmsi Bədəlbəyli Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilmiş və ömrünün sonuna kimi (1987-ci il, 24 may) bu vəzifədə çalışmışdır. Bu da onun ölkəmizdə və onun hüdudlarından kənarda böyük nüfuz qazanmış mədəniyyət xadimi olmasını bir daha təsdiq edir.
Ş.Bədəlbəylinin təşəbbüsü ilə 1978-ci ildə Bakıda Azərbaycan Teatr Cəmiyyətinin nəzdində "Dostluq" teatrı yaradılır – burada müxtəlif respublikaların tanınmış teatr kollektivlərinin qastrol tamaşaları təşkil olunur: Moskvanın Malıy Teatrı, V.İ.Mayakovski adına Moskva Teatrı, Ş.Rustaveli adına Gürcüstan Teatrı, Puşkin adına Leninqrad Teatrı, Mossovet adına Moskva Teatrı, Y.Vaxtanqov adına Moskva Teatrı, M.Yermolova adına Moskva Teatrı və başqa tanınmış teatr truppaları Bakıda öz tamaşalarını nümayiş etdirir.
Bu, həm azərbaycanlı tamaşaçıları digər ölkələrin qabaqcıl teatrlarının fəaliyyəti, müasir dünya səhnəsində gedən təmayüllərlə, klassik ənənələrin və yeniliklərin vəhdətindən yaranan şedevr tamaşalarla tanış edir, həm də Azərbaycan mədəniyyətini qastrola gələn teatr xadimlərinə, onların vasitəsilə dünyaya tanıtmağa xidmət edirdi.
Ş.Bədəlbəylinin Azərbaycan Teatr Cəmiyyətinə rəhbərliyi dövrü zəngin səciyyəli teatr mövsümləri ilə mədəniyyət tarixində əhəmiyyətli iz salmışdır.
Eyni zamanda, Ş.Bədəlbəylinin respublikanın ictimai-mədəni həyatındakı mövqeyi, sanballı rolu, onun bu vəzifədə çalışan zaman da nümayiş etdirdiyi təşkilatçılığı, insanlarla ünsiyyət qurması xüsusi qeyd olunmalıdır.
Ş.Bədəlbəyli teatr sənətinə hədsiz məhəbbətlə yanaşı, bu sənətə qayğının da olmasını vacib sayırdı. Məhz bunun sayəsində aparıcı teatr xadimlərini – aktyor və rejissorları, tanınmış sənətkarları öz ətrafında cəmləşdirən Azərbaycan Teatr Cəmiyyəti respublikanın yaradıcılıq təşkilatları arasında yüksək fəaliyyət dairəsi ilə fərqlənmiş, nailiyyətləri ilə diqqəti cəlb etmişdir. Bu haqda müasirlərinin çoxsaylı xatirələri bizə maraqlı bilgilər verir.
Böyük bir ziyalılar nəslinin - Bədəlbəylilər nəslinin bütün nümayəndələri kimi, Şəmsi Bədəlbəylinin də həyat və yaradıcılıq yolu bugünkü nəslimizə bir örnəkdir. Və bu nəsil bu gün də Şəmsi Bədəlbəylinin oğlu, görkəmli pianoçu və ictimai xadim, Azərbaycan mədəniyyətini dünyanın bir çox ölkələrində tanıtmış Fərhad Bədəlbəylinin simasında davam edir, bu nəsildən çıxan digər istedadlı şəxslərlə təmsil olunur. Bu nəslin layiqli davamçıları yetişir.
Şəmsi Bədəlbəylinin adı isə Bədəl bəy, Əhməd bəy, Əfrasiyab Bədəlbəyli ilə yanaşı, mədəniyyət tariximizin ən parlaq səhifələrinə yazılaraq, Azərbaycan teatr incəsənətinin parlaq rəmzlərindən birinə çevrilmişdir.
Səhifə: 1 2