İctimai xadim
Şəmsi Bədəlbəyli görkəmli ictimai xadim olmuşdur. O, bütün yaradıcı fəaliyyəti boyu respublikanın mədəni həyatında yaxından iştirak edərək, daim ön sıralarda olmuş, ölkədə baş verən hadisələrə fəal vətəndaşlıq mövqeyindən yanaşmışdır.
Təsadüfi deyil ki, respublikanın aparıcı teatrlarının – Azərbaycan Dövlət Musiqili Komediya Teatrının, Azərbaycan Dövlət Opera və Balet Teatrının, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru vəzifələrinə irəli sürülmüş və uzun illər boyu çalışdığı bu vəzifələrdə özünü bacarıqlı və səriştəli təşkilatçı kimi tanıtmışdır.
Ş.Bədəlbəyli 1976-cı il oktyabrın 28-də Azərbaycan Teatr Cəmiyyəti İdarə Heyətinin sədri seçilmiş və ömrünün sonuna kimi burada fəaliyyət göstərmişdir.
Əlbəttə ki, Ş.Bədəlbəylinin respublikanın ictimai-mədəni həyatındakı mövqeyi, sanballı rolu, onun bu vəzifədə çalışan zaman da nümayiş etdirdiyi təşkilatçılığı, insanlarla ünsiyyət qurması xüsusi qeyd olunmalıdır.
Ş.Bədəlbəyli teatr sənətinə hədsiz məhəbbətlə yanaşı, bu sənətə qayğının da olmasını vacib sayırdı. Məhz bunun sayəsində aparıcı teatr xadimlərini – aktyor və rejissorları, tanınmış sənətkarları öz ətrafında cəmləşdirən Azərbaycan Teatr Cəmiyyəti respublikanın yaradıcılıq təşkilatları arasında yüksək fəaliyyət dairəsi ilə fərqlənmiş, nailiyyətləri ilə diqqəti cəlb etmişdir.
Ə.Bədəlbəylinin ictimai xadim kimi fəaliyyət dairəsi geniş olmuşdur.
Qeyd etmək lazımdır ki, respublika üçün mühüm əhəmiyyət kəsb edən böyük mədəni tədbirlərin – xüsusilə müxtəlif illərdə Rusiyada və hətta Fransada keçirilən Azərbaycan incəsənəti günlərində təntənəli mərasimlərin tərtibatı məhz Ş.Bədəlbəyliyə həvalə olunurdu.
Ş.Bədəlbyli 1950-ci və sonrakı illərdə müxtəlif bayramlar və dövlət tədbirləri çərçivəsində konsertlərə quruluşlar verir: o cümlədən, 1950 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin konsertləri, 1967-ci ildə Azərbaycan İncəsənət ustalarının konsertləri, 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyi, 1973-cü ildə İmadəddin Nəsiminin 600 illiyi, 1975-ci ildə Üzeyir Hacıbəylinin 90 illiyi münasibətilə yubiley konsertləri, 1974-cü ildə Fransada Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən konsertlər, həmçinin, Bakıda təşkil olunan bir sıra konsertlər qeyd oluna bilər.
Ş.Bədəlbəyli bütün bu işlərə böyük bir məsuliyyətlə yanaşaraq, konsert quruluşu çərçivəsində Azərbaycan mədəniyyətinin zənginliyini və gözəlliyini nümayiş etdirməyə nail olurdu.
Ş.Bədəlbəylinin dövrü mətbuatda çap olunmuş məqalələrində də onun ictimai görüşləri öz əksini tapmışdır. Böyük sənətkar istər respublikadakı tədbirlərdə, istərsə də xaricə yaradıcılıq səfərlərində Azərbaycanın teatr və musiqi mədəniyyətinin təəssübkeşi və təbliğatçısı kimi çıxış edirdi. Ş.Bədəlbəyli Azərbaycan mədəniyyətinin inkişafı naminə, teatr sahəsində ən çətin sahələrin dirçəldilməsi üçün yorulmadan çalışan ziyalı və vətəndaş idi.
1978-ci ildə Ş. Bədəlbəylinin təşəbbüsü ilə Bakıda Azərbaycan Teatr Cəmiyyətinin nəzdində "Dostluq" teatrı yaradılır – burada müxtəlif respublikaların tanınmış teatr kollektivlərinin qastrol tamaşaları təşkil olunur: Moskvanın Malıy Teatrı, V.İ.Mayakovski adına Moskva Teatrı, Ş.Rustaveli adına Gürcüstan Teatrı, Puşkin adına Leninqrad Teatrı, Mossovet adına Moskva Teatrı, Y.Vaxtanqov adına Moskva Teatrı, M.Yermolova adına Moskva Teatrı və başqa tanınmış teatr truppaları Bakıda öz tamaşalarını nümayiş etdirir.
Bu, həm azərbaycanlı tamaşaçıları digər ölkələrin qabaqcıl teatrlarının fəaliyyəti, müasir dünya səhnəsində gedən təmayüllərlə, klassik ənənələrin və yeniliklərin vəhdətindən yaranan şedevr tamaşalarla tanış edir, həm də Azərbaycan mədəniyyətini qastrola gələn teatr xadimlərinə, onların vasitəsilə dünyaya tanıtmağa xidmət edirdi.
Ş.Bədəlbəylinin Azərbaycan Teatr Cəmiyyətinə rəhbərliyi dövrü zəngin səciyyəli teatr mövsümləri ilə mədəniyyət tarixində əhəmiyyətli iz salmışdır.
Şəmsi Bədəlbəylinin konsert quruluşları
|
Konsertin adı
|
Keçirildiyi yer
|
Tarixi |
1. |
Böyük Oktyabr Sosialist İnqilabının 33-cü ildönümünə həsr edilmiş konsert |
Bakı |
06.11.1950-ci il |
2. |
Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün konserti |
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalı |
09.12.1950-ci il |
3. |
Sovet Ordusu və Hərbi-dəniz donanması gününə həsr edilmış konsert |
Bakı |
23.02.1951-cı il |
4. |
M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində konsert |
Bakı |
25.02.1957-ci il |
5. |
Böyük Oktyabr Sosialist İnqilabının 40-cı ildönümünə həsr edilmiş konsert |
Bakı |
06.11.1957-ci il |
6. |
Dahi dramaturq C.Cabbarlının 60 illiyinə həsr edilmiş təntənəli gecə (Ş.Bədəlbəyli və Ə.İsgəndərovla birlikdə hazırlanmışdır) |
Bakı |
yanvar 1959-cu il |
7. |
Moskvada Az.SSR ədəbiyyat və incəsənət ongünlüyünün sonuncu konserti |
SSRİ Dövlət Akademik Böyük Teatrı |
01.06.1959-cu il |
8. |
Azərbaycan Kommunist Partiyasının yaranması və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 40 illiyinə həsr edilmiş konsert |
Bakı |
27.04.1960-cı il |
9. |
Sovet Ordusu və Hərbi-dəniz donanmasının 45 illiyinə həsr edilmiş konsert |
Bakı |
22.02.1963-cü il |
10. |
Azərbaycanda Sovet Hakimiyyəti qurulmasının 43-cü ildönümü və 1 may gününə həsr edilmiş konsert |
Bakı |
27.04.1963-cü il |
11. |
Azərbaycan İncəsənət Ustalarının konserti |
Bakı |
27.03.1964-cü il |
12. |
Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin 80 illiyinə həsr edilmiş konsert |
Bakı |
20.12.1965-ci il |
13. |
Azərbaycan KP-nin 27-ci qurultayına həsr edilmiş konsert |
Bakı |
Fevral, 1966-cı il |
14. |
Azərbaycan İncəsənət Ustalarının konserti |
Moskva, Kremlin Qurultaylar sarayı |
20.06.1967-ci il |
15. |
Azərbaycan İncəsənət Ustalarının sonuncu konserti |
Moskva, Kremlin Qurultaylar sarayı |
26.06.1967-ci il |
16. |
Aşıq Ələsgərin 150 illiyinə həsr edilmiş konsert |
Moskva, İttifaqlar Evinin Sütunlu zalı |
24-05-1972-ci il |
17. |
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illiyinə həsr edilmiş konsert |
Moskva, SSRİ Dövlət Akademik Böyük Teatrı |
18.09.1973-cü il |
18. |
Fransada Azərbaycan mədəniyyəti günlərinin konsertləri |
Fransa, Paris |
1974 |
19. |
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 90 illiyinə həsr edilmiş konsert |
Moskva, İttifaqlar Evinin Sütunlu Zalı |
28.11.1975-ci il |
20. |
Məmməd Sadıq Əfəndiyevin 80 illiyinə həsr edilmiş təntənəli gecə |
Bakı, Aktyorlar evi |
May, 1983-cü il |