Mən, Şəmsi Bədəlbəylini istedadlı rejissor və Musiqili Komediya teatnmn rəhbəri kimi uşaqlıqdan tanıyırdım. O, bizə tez-tez gəlir, atamla dostluq edirdi. Mənə hərdən onun o dövrdə rəhbərlik etdiyi Filarmoniyada olmaq nəsib olurdu.
1976-cı il idi. Mən, Aktyorlar evinin 4-cü mərtəbəsində yerləşən "Qobustan" almanaxınm baş redaktoru işləyirdim. Elə həmin il Azərbaycan Teatr Cəmiyyətinin növbəti qurultayı çağırılmışdı. Həmin qurultayda Şəmsi Bədəloviçi Azərbaycan Teatr Cəmiyyəti İdarə Heyətinin sədri seçdilər. Beləcə, biz 7 il birlikdə çalışdıq. Bu illər məhsuldar, yaradıcı hadisələrlə dolu idi.
Şəmsi müəllimin bir çox keyfiyyətləri - səmimiliyi, alicənablığı, təvəzökarlığı məni heyran qoyurdu. O, hər kəsə xüsusi hörmət hissi ilə yanaşır, dinləyir, məsləhət verir, kömək edirdi.
Bir dəfə mən Azərbaycan Teatr Cəmiyyəti nəzdində teatr studiyası yaratmaq istəyimi onunla bolüşdüm. O, dərhal bu ideyadan ruhlandı. Studiyaya Rüstəm İbrahimbəyovun tövsiyəsilə istedadlı rejissor Vaqif İbrahimoğlunu dəvət etdik.
Şəmsi Bədəlbəyli hər zaman gənclərin yaradıcılığına yardım edərək teatr sənətində yeniliyi alqışlayırdı. Çox keçmədən Bakının teatr səhnələrini, keçmiş ittifaqın məşhur teatr tamaşaları ilə zənginləşdirən daha bir teatr ocağı - "Dostluq" teatrı yarandı.
"Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları" filmi üzərində iş zamanı Şəmsi müəllim mənə çox kömək etmişdi. O, Üzeyir bəy haqqında çox danışırdı, məhz Şəmsi Bədəlbəylinin köməyi nəticəsində biz "Ər və arvad" operettasının ariyalarından birini bərpa edə bilmişdik: o, bizə onu oxuyub göstərmişdi.
Təbii ki, Şəmsi Bədəlbəyli kimi parlaq şəxsiyyətin ölümü Azərbaycan teatr sənəti aləmində ağır itki idi. Lakin keçmiş illərin çətinliklərinə baxmayaraq, zənnimcə o, xoşbəxt ömür sürmüşdü. Son illərdə oğlu Fərhadın nailiyyətləri onun üçün xüsusi sevinc idi. O, onunla fəxr edirdi.
N.Rəhimbəyli. “İncəsənətdə keçən ömür” kitabından. Bakı, 2004