Xronologiya
Genealogiya
Sonoteka
Ədəbiyyat
Şəmsi haqqında söz
Rejissor
Aktyor
İctimai xadim
Foto sənədlər
Afişalar və proqramlar
Epistolyar irsi
Əlyazmalar
Xatirələr
Canlı səslər
 
 

Şəmsi haqqında söz

 

   Azərbaycanın xalq artisti Mobil Əhmədov

...Şəmsi Bədəlbəyli qədər Azərbaycanda bədii nyüansları duyan, iş prosesinin yönümünü bilən rejissor yox idi və bu gündə də yoxdur.

Musiqili komediya janrının mürəkkəbliyi ondan ibarətdir ki, burada dialoqun davamı musiqi, musiqin isə davamı dialoqdur. Şəmsi Bədəlbəyli musiqini həssaslıqla hiss edən rejissor kimi bu ardıcıllığı yüksək professionallıqla izləyərək yadda qalan tamaşalar hazırlamışdı.

Mənim xatirimdə Şəmsi Bədəlbəyli gözəl zövqlü, müasir geyimli, intellektual, sadə davranışlı insan kimi qalıb. Onun hər hərəkəti, saçlarını tumarlaması, hətta siqaret çəkməsi belə, bizlərə nümunə idi.

...Mən Musiqili Komediya Teatrına 1961-ci ildə gəldim və öz aktyorluq karyerama baş rollardan başladım. Bir neçə tamaşadan sonra Şəmsi Bədəlbəyli məni öz otağına çağırdı və təklif etdi: "Mobil, oğlum, indi sən gəncsən, enerji və qətiyyətlə dolusan, lakin baş qəhrəmanların səhnə ömrü 10-15 idən çox olmur, çünki insan zahirən dəyişir. Sənin isə səsin gözəldir və mən sənin səhnə həyatının uzun sürməsini arzulayıram. Mən sənə öz ampluanı dəyişərək "sadəlövh-qəhrəman" olmağı məsləhət görürəm."

Lakin məni, həqiqətən, aktiv qüvvə və öz şəxsi istedadımı geniş miqyaslara çatdırmaq arzusu bürümüşdü, səhnədə yalnız baş rolları yaratmaq və ifa etmək istəyirdim. Mən uzaqgörən rejissorun təklifindən mədəni surətdə imtina etdim.

İllər keçdi, Vasif Adıgözəlov teatra "Nənəmin şahlıq quşu" gözəl musiqili komediyasmı təqdim etdi. Şəmsi Bədəlbəyli növbəti dəfə məni öz yanına çağırdı və dedi: "Cəsarət - mənim sənə bir neçə il əvvəl dediyim, elə həmin "sadəlövh qəhrəmandır". Bu, xarakterik obrazdır. İfa et və razı qalacaqsan.

Bu dəfə mən razılaşaraq uğurla ifa etdim. Və bu gün mən taleyimə minnətdaram ki, o məni Şəmsi Bədəlbəyli ilə görüşdürüb. Onun məsləhətinə qulaq asaraq mən öz səsimi qoruyub səhnədə yaşamağa davam edirəm.

...Asudə vaxtlarımda mən teatrda lövhələrdə eskizlər çəkərək vaxtımı keçirirdim. Ancaq boya və qələmlərlə deyil, adicə səhnə qrimi ilə.

Bir gün aktyorlar və bizim qrimçi Şəmsi Bədəlbəyliyə şikayət etdilər ki, "qrimimiz günbəgün azalır, rənglər qarışır və bunlar hamısı Mobilin hoqqalarıdır".

Əlbəttə ki, Şəmsi Bədəlbəyli məni öz otağına çağırdı və bu dəliliyi izah etməyimi xahiş etdi. Mən dedim ki, şəkil çəkirəm və bu da mənim xoşuma gəlir.

Şəmsi Bədəlbəyli, əlbəttə ki, inanmadı və dərhal ona təmiz kağız və qrim gətirməyi tələb etdi. Sonra o əmr tonu ilə dedi: "Sənə 15 dəqiqə vaxt verirəm. Mənim portretimi çək. Əgər çatsan - sənin düşüncəsiz əyləncələrini bağışlayacağam, çatmasan isə - töhmətlə səni teatrda işdən uzaqlaşdıracağam."

Mən dərhal çəkməyə başladım və deyilən vaxtda işimi bitirdim. Öz təsviri olan vərəqi əlinə alaraq o, diqqətlə və sanki onu təqdim edərək gözdən keçirtdi. Bundan sonra o, şəklin aşağı küncündə "Əsli" sözlərini yazdı.

Mən çox məmnun qaldım və öz müəllif mənliyimdə mütəəssir olmuşdum, eyni zamanda, xoşbəxt idim, lakin yalnız işdən azad olunmadığıma görə deyil, hərçənd məsələnin bu tərəfi də məni düşündürürdü. Bu sevinc mənə əziz olan insanın portretini xatirələrdən deyil, əyani olaraq, onun müdrik simasının cizgilərini, ağ saçını görərək çəkdiyimdən irəli gəlirdi.

Bax, beləcə, hörmətli Şəmsi Bədəlbəylini təsvir etmək mənə nəsib olmuşdu. O, portreti çərçivədə, hazır vəziyyətdə təqdim etməyimi xahiş etdi və onu öz evinin ən görünən yerində asacağına söz verdi.

Lakin şəkli mən artıq ona deyil, oğlu Fərhad Bədəlbəyliyə çatdırdım və o, bu günədək onu öz rektor otağında qoruyub saxlayır.

 

N.Rəhimbəyli. “İncəsənətdə keçən ömür” kitabından. Bakı, 2004

 

 

 
 
© Musigi Dunyasi