Məcid Şamxal
Həyatda kimsəsiz bir insanam mən,
Necə razı qalım öz taleyimdən,
Niyə mən düşmüşəm, gözdən, nəzərdən,
Çünki, nə dayım var, nə də bir əmim,
Kimə arxalanım, kimə güvənim?
Elə bil öz doğma yurduma yadam,
Ana torpağıma ögey övladam,
Nə yazıq olurmuş adamsız, adam,
Nə dərd bilənim var, nə də həmdəmim,
Kimə arxalanım, kimə güvənim?
Əsərlər yazıram çapa getməyir,
Nədəndir haqsızlıq sona yetməyir,
Nə eyləyim, yuxarı əlim yetməyir,
Tufanlar içində qərq olub gəmim,
Kimə arxalanım, kimə güvənim?
Ömrü sual altda keçirirəm mən,
Cəzanə gəlmişəm, özüm-özümdən,
Həyat da, inam da düşüb gözümdən,
Yazmaq istəyirəm, yazmır qələmim,
Kimə arxalanım, kimə güvənim?
Bu ildən yetmişi haqlayıb yaşım,
Ağarır kipriyim, ağarıb başım,
Ümidim, pənahım, sənsən qardaşım,
Nəzərə alınmır zəhmətim mənim,
Kimə arxalanım, kimə güvənim?