Şəmsi Bədəlbəyli sözün əsl mənasında musiqi rejissorunun bənzərsiz modelidir, xüsusilə qeyd etmək istəyirəm ki, Şəmsi dərin musiqi biliyinə malik idi. O, orkestri bilir və hiss edirdi, ifada hər bir kiçik dəqiqsizliyi və yanlışlığı duyur və təqsirkara, hətta partituradakı səhv takta işarə edirdi.
Şəmsi partiturada lazımi teatr-musiqi vəznləri (aksent), kiçik dram oyun parçalarını, musiqili mövzuları (tematika) tapmağı bacarırdı. O, səhnə vəziyyətini aydınlaşdıran, dram və məzmunu daha da dərinləşdirən kiçik ixtisarlar aparırdı.
O, səhnə və tamaşa qanunlarını, həmçinin teatr musiqisini gözəl bilirdi. Arabir kiçik irad və ya məsləhət işin gedişinə əsaslı təkan verirdi. Onun hər sozü dərin məna kəsb edirdi.
...Bir dəfə, Dolidzenin "Keto və Kote" tamaşası zamanı dirijor Loxovitski ciddi naxoşluqla əlaqədər iştirak etmirdi, bu isə o deməkdi ki, tamaşanı təxirə salmaq lazımdır. Lakin Şəmsi düşünmədən dirijor pultu arxasına keçdi və orkestrə gözəl dirijorluq etdi. Musiqi rejissorunun fəaliyyəti üçün məhz bu keyfıyyətlər zəruridir və məhz bu keyfiyyətlərlə Şəmsi Bədəlbəyli özünü hərtərəfli əsl istedada malik peşəkar kimi təsdiq etmişdir.
...Təbiətcə olduqca həssas, diqqətli olan Şəmsi bu və ya digər rola dair aktyorların istəklərini duyur, lakin bununla belə, əlbəttə ki, onun aktyor imkanlarını nəzərə alırdı. Məsələn, Şəmsi bizə S.Ələsgərovun "Ulduz"unu təqdim etdikdə, Züleyxa obrazı mənim xoşuma gəldi, Lütfəli isə Məhəmməd obrazına "göz qoymuşdu".
Ancaq öz istəklərimizi biz heç zaman bildirmirdik, çünki kimin nə oynayacağını yalnız rejissor həll edirdi. Onu da qeyd etmək lazımdır ki, Şəmsinin rejissor qərarları hər zaman qüsursuz olur və buna görə də tamaşalar yüksək səviyyədə qoyulurdu.
...Məşqlərdə hərdən onun qışqırdığının, tənbeh etdiyinin və hətta qovduğunun da şahidi olurduq, lakin o, heç bir zaman təhqir etmirdi. Şəmsi unutmurdu ki, sabahısı gün o yenidən bizimlə işləməyə və ünsiyyətdə olmağa gələcək. Heç kəs ona qarşı inciklik saxlamırdı, çünki o, bizə ata sevgisi ilə yanaşırdı.
...Şəmsi qeyri-adi iş üsuluna malik idi. O, aktyoru mənasız hərəkətlərlə yükləmirdi. Sadəcə onun təbii aktyor istedadından məharətlə istifadə edir və ona improvizasiya imkanı vermək yolu ilə bütün ustalığını üzə çıxarırdı. Bu da Şəmsinin rejissorluğunun ən əsas keyfıyyətlərindən biridir - təkmişlləşdirmə və aktyorların improvizasiya imkanlarından yerində istifadə edilməsi.
Şəmsi bütün rolların, hazırlanan tamaşaların mətnlərini əzbər bilirdi, onun aydın yaddaşı çox nadir hal idi, hansısa bir rolu ifa etmək və ya aktyoru əvəzləmək onun üçün heç bir şey deyildi.
Hərçənd ki, Şəmsinin aktyor bacarığının ifadəsi səhnə fəaliyyəti üçün geniş imkanlar yaradırdı, o, buna heç vaxt can atmırdı. O, iki dəfə tamaşa zamanı aktyorları əvəz etmək məcburiyyətində qalmışdı. "Dərviş Məstəli şah" komediyasında dərviş obrazını Əhməd Anatollu, onun şagirdini isə Lütfəli Abdullayev ifa etməli idi.
Lakin tamaşa günü Əhməd xəstələndi. Tamaşanı təxirə salmaq olmazdı, artıq camaat da tədricən teatra toplaşırdı. Nə etməli? Və birdən hamının gözləmədiyi halda Şəmsi dərviş qiyafəsini geyərək dedi: "Hamı hazırdı. İfa edəcəyik!" Tamaşa uğurla keçdi, Şəmsi isə təkrarolunmaz idi.
Tamaşada hamıya tanış olan bir məqam - dərviş şagirdinin barıtın həddən-artıq tökməsi və nəzərdə tutulandan daha güclü partlayışın törəməsi məqamı var. O zaman dərviş şagirdinin başına yağlı qapaz endirir. Səhnədə Şəmsi Lütfəlini elə cəzaya layiq vurur ki, o, sonradan şikayət edir: "Zərbədən gözlərimdən qığılcımlar səpələndi".
İkinci aktyor dəyişikliyi hadisəsi "İki ağanın bir nökəri" tamaşasında baş vermişdi. Burada Şəmsi yenə də səhnə obrazını mükəmməl həyata keçirmişdi.
Yaradıcılıq mövqeyindən maraqlı Həsən Seyidbəylinin "O qızı tapın" filmindəki işi təsəvvür edilirdi. Şəmsi - ciddi, işgüzar podpolkovnik Zeynalovu, mən isə - Xeyransanı, ailə anasını canlandırırdım. Bizim onun otağında üzbəüz oturduğumuz səhnə bir neçə dublla çəkilmişdi. Bizim baxışlarımız toqquşduqda bizi gülmək tuturdu və biz fikrimizi cəmləşdirə bilmirdik.
N.Rəhimbəyli. “İncəsənətdə keçən ömür” kitabından. Bakı, 2004