Xronologiya
Genealogiya
Sonoteka
Ədəbiyyat
Şəmsi haqqında söz
Rejissor
Aktyor
İctimai xadim
Foto sənədlər
Afişalar və proqramlar
Epistolyar irsi
Əlyazmalar
Xatirələr
Canlı səslər
 
 

Şəmsi haqqında söz

 

   Şəmsi Bədəlbəyliyə ərzi – hal

Rəfiq Zəka

 

Ya Bədəlbəy oğlu Şəmsi, kaş, bu hicran olmasın,

Gözlərim bir vüslətin eşqiylə giryan olmasın!

Dərdimin qovğası çoxdur, çarə yoxdur dərdimə,

Sən var ikən, dərdimə mümkünmü dərman olmasın?!

Hər kəsin var bir kəsi, mən bikəsin yox bir kəsi,

Kimsənin könlü mənim könlüm kimi qan olmasın!

Xeyri yox şairliyin, alimliyin, insanlığın,

İnsana insan gərək, insansız insan olmasın!

Təzəcə dərk eyləyirdim ərzi, qeyb oldu atam,

Qeybdən səs gəldi ki, övladı xəndan olmasın...

Dəmbədəm ah eylədim bir yarəli ahu kimi,

Heç olarmı yarə olsun, ahu əfqan olmasın?!

Ahıma gəldi böyük ustad, böyük Əfrasiyab,

Gəldi ki, dünya mənim başımda zindan olmasın.

Çox dua etdim, onu tanrım mənə çox görməsin,

Varlığım, ömrüm, günüm xak ilə yeksan olmasın!

Olmadı, çərxi - fələk arzumca dövran etmədi,

Getdi, ah, günüm nəcur hicriylə şan-şan olmasın!

Sən nəsibim, sən həbibim, sən təbibimsən bu gün,

Sən olan yerdə. necə müşgüllər asan olmasın?!

Mən səninçin can əsirgərsəm, sabaha çıxmayım,

Çarə qıl, ömrüm-günüm şami-qəriban olmasın!

Gözlərim saysız maşınlarda, piyada qalmışam,

Mən gəlim fəryadə, ustadım nigəhban olmasın?!

Kosmos əsrində maşın da bir problemdir məgər?

Bəs neçin mən binəvaya sizdən imkan olmasın?

Səkkiz ildir üzvüyəm mən də sizin cəmiyyətin,

Bu "teatroxanədən" ruhum zərəfşan olmasın?

Qırmızı telefon önündə, zəng vur nazirliyə,

Zəng vur ki, ömrümün gülzarı viran olmasın!

Sən bir ünvana xitab etsən, düşər səhmana iş,

Kim olur-olsun bu ünvan, ancaq İmran olmasın!

İttifaqda it kimi urvatsızam, ordan mənə -

Göstəriş var, ityatandan başqa ehsan olmasın!

Harda rəhbər olmusan, sən hökmü fərma olmusan,

Sən qərar verdin, gərək bir özgə fərman olmasın!

Kim sənə irad tutubdur bir sərəncamında ki,

Mən də təşviş eyləyim ki, birdən üsyan olmasın?!

Şöhrətin var, bişərəflərdən xəta gəlməz sənə,

Kimdə cürət var, sənin əmrinlə pünhan olmasın?!

Cəfəri Xəndana rəhmətdir kömək övladına,

Böylə bir şəfqət gərək loğmana nöqsan olmasın!

Qalmasın arzum gözümdə, gözlərəm fərmanını,

Bədgüman etmə məni, ruhum peşiman olmasın!

Ya Bədəlbəy oğlu Şəmsi, son ümidimsən mənim,

Sən də can yandırmasan, canım mənə can olmasın!

Bir maşın bəxş et mənə, milyon maşından bir maşın,

Ki, Zəka aylarla, illərlə pərişan olmasın!..

 

24 sentyabr 1977-ci il


 

 

 
 
© Musigi Dunyasi