Xronologiya
Genealogiya
Sonoteka
Ədəbiyyat
Şəmsi haqqında söz
Rejissor
Aktyor
İctimai xadim
Foto sənədlər
Afişalar və proqramlar
Epistolyar irsi
Əlyazmalar
Xatirələr
Canlı səslər
 
 

Şəmsi haqqında söz

 

   Azərbaycanın xalq artisti Səyavuş Aslan

Azərbaycan musiqili teatr aləmində Şəmsi Bədəlbəyli ən qabaqcıl və yaddaqalan şəxsiyyət idi. Musiqili teatr onun uğurlu zəhmətinin nəticəsidir.

Rejissor sənəti həm gözəl, həm də mürəkkəb sənətdir. Lakin, musiqili teatr rejissoru iki qat ağırlığı ilə fərqlənir. Burada musiqi duyumu, musiqi savadı, musiqi qabiliyyəti olmalıdır və Şəmsi Bədəlbəyli bunların hamısının yüksək professional səviyyədə daşıyıcısı idi.

O, Nəsibə xanımı, Lütfəlini, Bəşiri, Hacıbabanı, məni və bir çoxlarını, yəni musiqi aləmiylə bağlı olmayan, vokal təhsili olmayanları, səhnədə oxutdu və musiqili komediya janrını qəlbən sevdirdi.

Və bu gün bizləri xalqa tanıtdıran, teatr mədəniyyətində yüksək rütbəyə qaldıran və bir sözlə, aktyor kimi yaradan məhz Şəmsi Bədəlbəyli oldu. Mənim fikrimcə, ikinci belə rejissor yoxdur. Şəmsi Bədəlbəyli əvəzedilməz insan, şəxsiyyət və musiqili rejissor idi.

...Şəmsi Bədəlbəyli qeyd edirdi: "Artislər sanki rejissorun mənəvi övladlarıdır. Mən xoşbəxtəm ki, Azərbaycan səhnəsində mənim də öz mənəvi övladım var. Bu, Səyavuş Aslandır. Mən onunla fəxr edirəm."

...O, hədsiz istedadlı və dərin bilikli insan olmuşdur. Məsələn, bu gün məşqlərdə o, tamaşanı bir variantda qoyurdu, sabahısı gün isə axırıncı səhnə mizanına qədər hamısını "ləğv" edir və yenidən yaradırdı, hərdən isə səhnə mizanının üç-dörd variantını yaradırdı.

O, istədiyi nəticəyə çatanadək yorulmadan işləyirdi. Elə bu cəhət Şəmsi Bədəlbəylini hətta o dövrün, o cümlədən, bu günün özü-özünə rejissor olan aktyorlarından, rejissorlarından, fərqləndirirdi.

O, ciddi, xeyirxah insan idi. Biz onun sərt baxışlarından çəkinir, lakin eyni zamanda onu çox sevirdik, bu məhəbbət isə qarşılıqlı idi. Teatr və biz onun ikinci ailəsi idik.

 

N.Rəhimbəyli. “İncəsənətdə keçən ömür” kitabından. Bakı, 2004


 

 

 
 
© Musigi Dunyasi