...O, həyatsevərliyin, yumorun daxili arxayınlığın, mehribanlığın və bunlardan savayı qüsursuz zövqün və səmimiliyin nümunəsi idi. O, bəstəkarın məqsədini və deməli, əsərin ideyasını da duyur və düzgün açıqlayırdı. Bunlar Şəmsi Bədəlbəylinin peşəkar, savadlı və ziyalı insan olduğunun dərin təsdiqidir. O, müasir fıkirli və istedadlı sənətkar idi. Bəstəkarla bərabər musiqini duymağı və başa düşməyi bacaran Şəmsi Bədəlbəyli kimi musiqi rejissoru ilə işləmək həm bəstəkar, həm də bütün yaradıcı kollektiv üçün böyük uğur idi.
...Biz, əvvəlcə operettanı "Hacı Qənbər" kimi təqdim etmişdik, lakin Şəmsi fıkrə getdi və sonradan görkəmli dramaturq M.F.Axundovun ədəbi irsinə əsaslanaraq "Hacı Qara"nı təklif etdi. Biz gənc idik və tezliklə öz arzumuzu həyata keçirmək, öz işimizi səhnədən eşidib və görmək istəyirdik, ancaq buna baxmayaraq Şəmsi Bədəlbəylinin də qiymətli məsləhətlərini eşitməmək mümkün deyildi.
...Klassik ədəbiyyatı dərindən bilən və iti musiqi hissiyyatına malik olan insan bəzən bəstəkarları süjet vəziyyətindən asılı olaraq bu və ya digər musiqi parçasını dəyişdirməyə məcbur edirdi. Misal üçün, bu operada bizim erməni motivlərini işlətdiyimiz "Əylis ermənilərinin havaları" var idi. Şəmsi doğma Azərbaycana qarşı olan sonsuz məhəbbət və fərəh hissi ilə öz etirazını qəti bildirdi:
- Onlar Azərbaycan torpağında yaşayır, Azərbaycan çörəyi yeyir, bizim bulaqlardan su içir və deməli, sizin musiqi bizim hədsiz sərvətimizi lazımsız beynəlmiləl çalarlarsız əks etdirməlidir.
N.Rəhimbəyli. “İncəsənətdə keçən ömür” kitabından. Bakı, 2004